Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin birgə həyata keçirdiyi “Məktəb liderliyi” proqramının II çağırış üzrə iştirakçıları üçün interaktiv seminar təşkil olunub
“Təşkilati inkişaf üçün effektiv qərarvermə” mövzusunda çıxış edən Nigar Əmrullayeva seminarın birinci hissəsində rasional qərarverməyə təsir edən amillər, selektiv qavrama, məhdud rasionallıq və s. kimi mövzuları əhatə edən interaktiv təqdimatla çıxış edib. Seminarın ikinci hissəsində isə proqram iştirakçıları qrup işi formasında praktik fəaliyyətlərlə məşğul olub, verilən tapşırıqları icra ediblər.
Seminar müddətində “Məktəb liderliyi” proqramının II çağırışının iştirakçıları öz qərarvermə təcrübələrini bölüşüblər.
Qeyd edək ki, seminarın qonaq-spikeri Nigar Əmrullayeva magistratura səviyyəsi üzrə London Kral Kollecində təhsilin təşkili və idarə olunması ixtisası üzrə təhsil alıb. Hazırda təhsilini magistratura səviyyəsi üzrə Kembric Universitetində “Biznesin idarə edilməsi (icraçı MBA)” sahəsi üzrə davam etdirir.