“Seçki hər bir dövlətin həyatında ən mühüm siyasi hadisədir. Bu baxımdan fevralın 7-nə təyin edilmiş prezident seçkiləri bizim üçün olduqca vacibdir. Nəzərə alaq ki, Azərbaycan özünün müstəqillik tarixində ilk dəfə tam ərazi bütövlüyü şəraitində seçki keçirir. Əlbəttə, o baxımdan elə etmək lazımdır ki, seçkidə seçici fəallığı ən yüksək həddə olsun”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında Bakıdakı 3 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət deyib.
Almaz Həsrət əlavə edib ki, seçici fəallığının artırılmasında cəmiyyətin ziyalı təbəqəsi olan müəllimlərin də üzərinə məsuliyyət düşür:
“Düşünürəm ki, biz təhsil işçiləri olaraq vətəndaşların fəallığının təmin edilməsi, seçicilərin prosesdən kənarda qalmaması üçün daha çox iş görə bilərik. Şəxsən özüm bu yöndə işlər aparıram və əlavə edim ki, minlərlə müəllim həmkarım böyük fədakarlıqla seçkinin yüksək səviyyədə təşkili üçün çalışır. Bu, həm də məsuliyyət məsələsidir: Vətəndaş məsuliyyəti. Necə ki, igid oğullarımız öz qanları və canları bahasına torpaq bütünlüyümüzü təmin ediblər, biz də bu dinc şəraitdə seçkidə fəallıq etməyə borcluyuq. Məhz o torpaqları yenidən bizə qaytaran oğulların ruhları naminə hər bir vətəndaşın seçki günü mümkün fəallıq göstərməsi vacibdir. Onu da deyim ki, bunun üçün heç bir əngəl yoxdur, əksinə hər bir şərait yaradılıb”.