AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun alimlərinin elmi məqalələri Qazaxıstanın beynəlxalq indeksli elmi jurnalında dərc olunub.
İnstitutdan bildirilib ki, elmi katib Səbinə Səmədovanın “X-XI əsrlər klassik ərəb poeziyasının intibahında Bağdad ədəbi mühitinin rolu”, Ərəb filologiyası şöbəsinin müdiri Xumar Ələkbərovanın isə “Həvvanın örtülü üzü” arxasında qalan gizlinlərin açılması” adlı məqaləsi nüfuzlu “Endless light in science” jurnalının növbəti sayında dərc edilib.
Hər iki məqalə zəngin ərəb ədəbiyyatının tədqiqi sahəsində müasir şərqşünaslığın qarşısında duran əsas elmi-nəzəri istiqamətləri ehtiva edib, maraqlı elmi nəticələr diqqətə çatdırılıb. Xüsusən tədqiqatçı alim X.Ələkbərovanın ərəb Şərqində müasir müsəlman qadınların cəmiyyətdəki rolundan, yaşanan gender bərabərsizliyi problemlərindən bəhs edən elmi məqaləsi aktuallığı baxımından diqqəti cəlb edir. Şərqşünas alim S.Səmədovanın məqaləsində isə Bağdad ədəbi mühitinin klassik ərəb poeziyasında oynadığı rol əsaslı elmi qənaətlərlə yüksək qiymətləndirilib.