Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda qeyd edilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.
Maraqlıdır, təhsildə “Yaşıl dünya naminə həmrəylik” özünü necə göstərir?
Mövzu ilə əlaqədar Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov AzEdu.az-a danışıb.
Professor bildirib ki, dünya ölkələri artıq universitetlərdə “Yaşıl dünya naminə həmrəylik ili”nə dair addımlar atıb:
“Bütün dünya kimi Azərbaycan da bu gün yaşıl iqtisadiyyat prinsipləri əsasında davamlı inkişafın təmin edilməsi ilə bağlı müvafiq addımlar atır, 2024-cü ilin “Yaşıl düya naminə həmrəylik ili” olması ilə əlaqədar tədbirlər planı hazırlanır. Ən əsas yaşıl iqtisadiyyatda yaşıl kadrların hazırlanması məsələsidir. Bu gün universitetlər ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyətləri həyata keçirən ali təhsil müəssisələridir. Onlar enerjiyə qənaət edən texnologiyaları inkişaf etdirir, tullantıların ayrıca yığılması, ekoloji cəhətdən təmiz nəqliyyat, abadlıq işləri, təhsil üçün gözəl şəaitlər yaradırlar.
Londanda, eləcə də Rusiyanın bir sıra universitetlərində tələbələrdən hansısa biri tullantının qarşısını almaq üçün universitetə özü ilə bərabər fincan gətirirsə, ona endirimlər təklif olunur, eləcə də Hollandiya universitetləri istehlak edilən enerjini özləri əldə edirlər. Həmçinin Böyük Britaniyada da universitetləri kampus bufetlərinə özü ilə fincan gətirən tələbələrə bir sıra güzəştlər tətbiq edir.
Özbəkistanda bu məsələ ilə bağlı Ekologiya Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişiklikləri Nazirliyinin təsisçiliyi ilə 12 fevral 2024-cü ildə “Orta Asiya ətraf mühitin iqlim dəyişikliklərinin öyrənilməsi” universteti yaradılıb. Bu universitetdə bakalavr və magistratura pillələri üzrə ətraf mühitin davamlı idarəedilməsi, ekologiya və iqtisadiyyat, ekologiya və dövlət idarəçiliyi, yaşıl maliyyə, ekojurnalistika, dayanıqlı maliyyə və s. kimi ixtisaslar tədris olunacaq”.
“Azərbaycanda parlamentin ekologiya komitəsi böyük işlər görür”, -deyə Z.Məmmədov vurğulayıb:
“Parlament bu illə bağlı 2 kitab çap edib, 2 konfrans keçirib. Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsisçiliyi ilə yaşıl universitet və ona uyğun ixtsaslar üzrə kadrların hazırlığı işinə başlamaq olar. İnanıram ki, bu sahədə ilk addımlardan birini ataraq uğur qazanacayıq”.