Ucarda polislərlə məktəblilərin görüşü keçirilib. Görüşdə Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Qoşqar Kazımov məktəblilərə narkotik vasitələrin zərərlərindən danışıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rəis müavini “ağ ölümün” qurbanına çevrilən gənclərin sağlam həyata qayıtmalarının çox çətin olduğunu bildirib. Bu bəlanın geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunduqlarını diqqətə çatdırıb.
Daha sonra çıxış edən digər iştirakçılar keçirilən tədbirlərin mahiyyətindən danışaraq, şagirdləri maraqlandıran sualları cavablandırıblar.