SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının dosenti Qəşəm Zeynalov Erasmus+ KA2 “Müəllim heyətinin mobilliyi” proqramı çərçivəsində Polşanın AGH Elm və Texnologiya Universitetində səfərdə olub.
TehsilMedia.az xəbər verir ki, səfər müddətində BANM-in müəllimi Polşa Universitetinin Tətbiqi-geologiya və Neft-qaz geologiyası ixtisasları üzrə təhsil alan Bakalavr tələbələri üçün mühazirələr oxuyub. O, həmçinin, AGH Elm və Texnologiya Universitetində “Beynəlliləşmənin universitet mühitinin açıqlığına və tolerantlığına təsiri” mövzusunda beynəlxalq konfransda və Erasmus proqramının 25 illiyinə həsr edilmiş tədbirlərdə iştirak edib.
Bundan başqa, Qəşəm Zeynalov Universitetin bölmə, kafedra rəhbərləri, dekanları ilə görüşüb. Bu görüşlərdə AGH Elm və Texnologiya Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında Dağ-mədən mühəndisliyi, Qazma və Geomühəndislik sahəsində həm Erasmus+, həm də ikitərəfli formatlarda təhsil və elmi əlaqələrin inkişaf etdirilməsi, yaxın gələcəkdə Qazma və Neft-qaz mühəndisliyi və Bərpa olunan enerji mühəndisliyi sahəsində birgə elmi-tədqiqatların, Yay məktəblərinin və ikili diplom proqramlarının həyata keçirilməsi imkanları müzakirə edilib.