Məlum olduğu kimi, bu ildən etibarən ali təhsil müəssisələrinin musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər nəzəriyyə fənlərindən test imtahanı verəcəklər.
Bu barədə "TehsilMedia.az"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio fənləri üzrə imtahanların kağız daşıyıcılar vasitəsilə, musiqi ədəbiyyatı fənni üzrə isə elektron qaydada keçirilməsi nəzərdə tutulub. İmtahanlarda abituriyentlərə Musiqi nəzəriyyəsi və solfecio, Harmoniya və solfecio, Musiqi ədəbiyyatı fənləri üzrə musiqi məktəblərinin tədris proqramı əsasında tərtib edilmiş hər bir fənnə aid 30 qapalı tipli test tapşırığı təqdim olunacaq.
Abituriyentlərdə imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyəsinin qiymətləndirilməsinə kömək məqsədilə Dövlət İmtahan Mərkəzi real imtahan mühitində sınaq imtahanları təşkil edir. Sınaq imtahanları zamanı sual kitabçaları, cavab kartları, cavab vərəqləri, imtahan müddәti vә digәr amillәr eynilә qәbul imtahanlarındakı modelә uyğunlaşdırılır vә demәk olar ki, abituriyent özünü real imtahanda olduğu kimi hiss edir. Bununla da abituriyentin öz biliklərini tam nümayiş etdirməsi üçün şərait yaradılır.
Musiqi ədəbiyyatı fənni üzrə elektron sınaq imtahanı 16 may 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində (DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında) keçiriləcək. Qeydiyyat prosesi 19 aprel saat 10:00-dan 15 may saat 10:00-dək davam edəcək. İmtahanda iştirak etmək üçün buradan qeydiyyatdan keçə bilərsiniz.
Musiqi ədəbiyyatı fənni üzrə verilmiş 30 sualdan 20-si Azərbaycan, Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edən tapşırıqlardan ibarət olacaq. 10 sual isə musiqi nümunələrinin təyin edilməsi üçün nəzərdə tutulub.
Xatırladırıq ki, Musiqi ədəbiyyatı 18 (İnstrumental ifaçılıq- violin, fleyta, klarnet – BMA), 20 (instrumental ifaçılıq - fortepiano, orqan, klavesin – BMA), 21 (İnstrumental ifaçılıq - viola, truba, saksofon – BMA), 24 (Akademik vokal), 27, 75 (Dirijorluq), 29 (Bəstəkarlıq), 30 və 73-cü (Musiqişünaslıq) qabiliyyət imtahanı komissiyalarında imtahan fənlərindən biridir.
Harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə sınaq imtahanının isə 27 may 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulub. Bu imtahanlar üçün qeydiyyat tarixi yaxın vaxtlarda elan ediləcək.
Nəzəriyyə imtahanlarının qiymətləndirməsi hər fənn üzrə 10 ballıq şkalada aparılır. Qeyd edək ki, qeydiyyatdan keçdiyi qabiliyyət imtahanı komissiyasına uyğun nəzəriyyə fənlərindən minimal müsabiqə balını yığa bilməyən abituriyentlər ixtisas imtahanlarına buraxılmayacaq. Qabiliyyət komissiyaları üzrə nəzəriyyə imtahanlarının minimal müsabiqə balları yaxın vaxtlarda dərc ediləcək "Abituriyent” jurnalının xüsusi buraxılışı olan "Xüsusi Qabiliyyət İmtahanları” jurnalının 1-ci nömrəsində veriləcək.
Doğru cavablandırılan |
Qiymətləndirmə |
28-30 |
10 |
25-27 |
9 |
22-24 |
8 |
19-21 |
7 |
16-18 |
6 |
13-15 |
5 |
10-12 |
4 |
7-9 |
3 |
4-6 |
2 |
1-3 |
1 |
0 |
0 |
DİQQƏT!
Elektron sınaq imtahanından qeydiyyatdan keçmiş abituriyentlər 16 may 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) imtahanda iştirak edəcəklər. İmtahan saat 10:00-da başlanır. Abituriyent imtahanın başlanmasından ən az 1 saat öncədən imtahan binasına gəlməlidir. İmtahan binasına daxil olarkən abituriyent şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyəti təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmayacaq.