Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün ərizə qəbulu aparılır.
Dövlət İmtahan Mərkəzindən "
TehsilMedia.az"a bildirilib ki, ərizə qəbulu mayın 25-dək davam edəcək.
Mayın 23-ü saat 09:00-a olan məlumata görə, qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün 9019 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 8292; rus bölməsi - 727).
2023-cü ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla qeydiyyatdan keçirlər.
İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər. Onlar Mərkəzin internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”dəki hesabına əlavə edirlər. Ödəniş üsulları ilə DİM-in səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar DİM-in səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) bakalavrlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.
İmtahan iyunun 11-də keçiriləcək.