UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşları Pərvin Paşayeva və Günay Tahirli Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Kütahya Dumlupınar Universitetində təcrübə mübadiləsində iştirak ediblər.
Bu barədə "TehsilMedia.az"a UNEC-dən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Dumlupınar Universitetinin Beynəlxalq əlaqələr ofisində, bir sıra fakültələrində, eləcə də Magistratura və Doktorantura Təhsili İnstitutunda görüşlər təşkil edilib. Həmçinin UNEC-in Beynəlxalq əməkdaşlıq departamenti və aidiyyəti fakultələri ilə potensial əməkdaşlıq imkanları, ikitərəfli mübadilə proqramları, elmi jurnallarda birgə nəşrlər, “Erasmus+” layihələrində tərəfdaşlıq və birgə elmi konfransların təşkili haqqında müzakirələr aparılıb. UNEC haqqında təqdimat keçirilib.
Pərvin Paşayeva və Günay Tahirli UNEC-in “Erasmus+” mübadilə proqramı çərçivəsində Dumlupınar Universitetində təhsil alan ikinci kurs tələbəsi Ramin Baxşəliyevlə də görüşüblər.
UNEC əməkdaşlarına mübadilənin sonunda iştirak haqqında proqram sertifikatları təqdim edilib.