Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində görkəmli ədibin Gəncə şəhərində yerləşən ev-muzeyini ziyarət edib.
TehsilMedia.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev görkəmli alim, pedaqoq Mir Cəlal Paşayevin xatirəsini özündə yaşadan bu muzeyi ziyarət etməyin mənəvi borc olduğunu bildirib. Rektor diqqətə çatdırıb ki, BDU tərəfindən böyük yazıçı və alimin 115 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. BDU-nun tələbələri arasında Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə qısa hekayə müsabiqəsi elan olunub. BDU əməkdaşları və tələbələri "Ədibin evi”ni ziyarət ediblər. Aprelin 18-də isə BDU-da böyük yazıçı və alimin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib: "BDU-nun nüfuzlu professoru, sevimli müəllimi kimi xatirələrdə daim yaşayan Mir Cəlal müəllim həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını, tələbələrini sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir". Bu, Mir Cəlal müəllimin ailəsinə, övladlarına olan məhəbbətinin təzahürü idi".
Sonra rektor Elçin Babayev ev-muzeyinə görkəmli ədibin az nüsxədə mövcud olan "Seçilmiş hekayələr (1940)", "Sevinc (1950)" kitablarını və "Bestcomp” şirkətinin dəstəyi ilə alınan kömpüter dəstini hədiyyə edib.
ADA Universitetinin rektoru Hafiz Paşayev Mir Cəlal irsinin öyrənilməsi və təbliği istiqamətində BDU-nun təşəbbüsünü alqışladığını, tələbələrin də bu işdə yaxından iştirakından sevinc hissi keçirdiyini bildirib. Hafiz Paşayev qeyd edib ki, Mir Cəlalın ailəsi həm də Bakı Dövlət Universiteti, buradakı minlərlə tələbəsi idi.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mir Cəlal Paşayevin ədəbi irsinin bütün nəsillər üçün əsl məktəb olduğunu vurğulayıb.
Daha sonra BDU-nun tələbələri arasında böyük yazıçı və alim Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə elan edilmiş qısa hekayə müsabiqəsinin nəticələri elan olunub. Müsabiqədə I yerə Filologiya fakültəsinin IV kurs tələbəsi Fidan Hüseynova, II yerə II kurs tələbəsi Nuridə İsmayılova, III yerə Hüquq fakültəsinin II kurs tələbəsi Nurlanə Şirinova layiq görülüblər.
Mexanika-riyaziyyat fakültəsinin II kurs magistrantı Fatimə Musayeva və Filologiya fakültəsinin I kurs tələbəsi Aytac Salahlı müsabiqənin xüsusi mükafatını qazanıblar.
Müsabiqədə I yerin qalibi Fidan Hüseynova öz hekayəsini oxuyub.
Daha sonra BDU rektoru muzeyin "Xatirə kitabı”na ürək sözlərini yazıb.