Xarici dil üzrə danışıq bloku imtahanı iyunun 16-dan etibarən keçirilir və bu gün başa çatır.
Bu barədə "
TehsilMedia.az"a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, iştirakçılar Dövlət İmtahan Mərkəzinin saytından imtahana buraxılış vərəqəsini çap edib vərəqədə göstərilən yer (DİM-in Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binası, 8 Noyabr metrostansiyasının yanı) və saatda imtahan verirlər. Namizəd və iddiaçılar imtahana buraxılış vərəqəsində göstərilən vaxtda qeyd olunan ünvanda olmalıdırlar.
İlk 3 gün ərzində imtahanda iştirak etməli olan 1863 nəfərdən 69-u imtahana gəlməyib.
DİM danışıq bloku imtahanına gəlməyən şəxslər üçün imtahan vermək imkanı təklif edir. İmtahanda iştirak etmək istəyənlər 19 iyun saat 12:50-dən 13:20-dək DİM-in 8 Noyabr metrostansiyasının yanında, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasına yaxınlaşa bilərlər.
Xatırladaq ki, danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, doktoranturaya qəbul imtahanı verənlər növbəti – fəlsəfə imtahanına buraxılmırlar, fəlsəfə doktoru imtahanı verənlər isə müvafiq şəhadətnamə ilə təmin olunmurlar.