Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları - Mustafa Muradov, Sevinc Məmmədyarova, Qönçə Eyvazova, Ofeliya Balayeva, İlahə Həsənova, Günel Əliyeva, Sevinc Məlikova (Radiasiya Problemləri İnstitutu), Məhəmmədəli Abdullayevin (Geologiya və Geofizika İnstitutu) “Sonokimyəvi metodla sintez olunmuş Co3O4 nanohissəciklərinin Cu ilə aşqarlanmasının onların struktur, optiki və fotokatalitik xassələrinə təsiri” adlı məqaləsi “Scopus” bazasına daxil olan Q2 kvartilli “Optical Materials” (İF: 3.754) jurnalında dərc olunub.
Bu barədə "
TehsilMedia.az"a BDU-dan məlumat verilib.
Məqalədə sonokimyəvi metodla sintez olunmuş təmiz və müxtəlif qatılıqlı Cu ilə aşqarlanmış Co3O4 nanohissəciklərinin rentgen difraksiya (XRD), ultrabənövşəyi spektroskopiya, infraqırmızı spektroskopiya, keçirici elektron mikroskopu və enerji dispersiv rentgen spektroskopiya üsulları öyrənilməsinin nəticələri təqdim olunub. Nəticələrin təhlilinə əsasən, CuxCo3-xO4 nanohissəciklərinin ölçüsü, qadağan olunmuş zonanın eni və fotokatalitik aktivliyi aşqar kimi istifadə olunan misin miqdarı ilə tənzimlənə bilər. Görünən işıq altında metilen göy boyaq maddəsi üçün ən yüksək deqradasiya effektivliyi, 500°C-də termiki emal olunmuş 2 faiz Cu ilə aşqarlanmış Co3O4 nanohissəciklərin iştirakında müşahidə edilib və effektivliyin 87.51 faiz olması aşkar olunub.