Hər il qəbul imtahanı və ixtisas seçimi ərəfəsində müvəqqəti fəaliyyət göstərən təhsil şirkətləri peyda olur. Valideynləri və abituriyentləri aldadaraq pul qarşılığında vəd edirlər ki, xaricdə təhsil üçün sənədləri hazırlayacaqlar. Onlar bu qanunsuzluqlarını sosial şəbəkədə açıq-aşkar anons etməkdən də çəkinmir. Belə davrananları hansı cəza gözləyir?
Qəbul imtahanında az bal toplayan abituriyentlər, əsasən də oğlanlar növbəti ildə keçiriləcək imtahanlar barədə düşünməyə başlayırlar. Onlara dırnaqarası yolu bəzi xaricdə təhsil şirkətləri göstərir. Saxta yolla hərbi xidmətdən möhlət almaq hüququ vəd edirlər. Artıq mövsüm başlandığından həmin şirkətlərin də bazarı canlanıb. Təhsil ekspertləri valideynləri və abituriyentləri diqqətli olmağa çağırır. Çünki hər il qəbul imtahanı ərəfəsində yağışdan sonra çıxan göbələk kimi peyda olan bu şirkətlər qısa zamanda böyük gəlir əldə edərək gözdən itirlər. Valideynlər istəyirlər ki, övladları ali təhsil alsınlar. Bu zaman gözlərinə heç nə görünmür. Belə olduqda həmin şirkətlər valideynlərin bu halından istifadə edirlər.
Hüquqşünas
Cabbar Bayramov bildirib ki, belə sənədin hazırlanması qanunla 2 ilə qədər azadlıqdan məhrumetmə ilə nəticələnir. Yalnız bu sənədi hazırlayan şəxslər deyil, bu sənəddən istifadə edən şəxslər də cinayət məsuliyyətinə cəlb olunur.
TƏHSİL MEDİA