Sertifikasiyadan yüksək bal toplayan müəllimlər var. Bu məsələ valideynləri bir qədər narahat edir. Onlar düşünürlər ki, müəllimin yüksək bal toplaması hazırlıq qiymətlərinə təsir göstərəcək və qiymətlər artacaq.
Valideynlərin narahatlığı nə qədər əsaslıdır?
TehsilMedia.az xəbər verir ki, mövzu ilə bağlı azedu.az-a açıqlama verən təhsil eksperti Adil Vəliyev qeyd edib ki, müəllimin yeksək bal toplaması həm tədris prosesinə təsir edir, həm də şagirdlərin, valideynlərin müəllimə rəğbətini və inamını daha da artırır:
“Müəllimlərin İşə Qəbul (MİQ) imtahanını da, sertifikasiya imtahanını da müsbət qiymətləndirirəm. Çünki diqqət etsək, görərik MİQ ilə qəbul olan müəllimlərin məktəbdə yanaşması fərqli olur. Bu yanaşmaya görə də müəllimə, dərsə sevgi artır. Bu nəticələr həm tədris prosesinə müsbət təsir göstərir, həm də şagird və valideynlərin müəllimə etimadını artırır”.
Müsahibimiz, sözügedən mövzu ilə bağlı valideynlərin narahatlığını əsassız hesab edir.
“O ki, qaldı sertifikasiyadan yüksək nəticə toplayan müəllimlərin repetitorluq qiymətlərinin artması məsələsin, hesab edirəm ki, bu yanlış düşüncədir. Bir müəllimin imtahanlardan yüksək nəticə əldə etməsi repetitor fəaliyyətinin qiymətini artırmasına əsas verə bilməz. Sertifikasiya imtahanları müəllimin öz biliklərinin hansı səviyyədə olduğunu görmək və bildiklərini yeniləmək üçün nəzərdə tutulub. Şagirdləri düzgün istiqamətdə bilgiləndirmək üçün müəllimlərin də özünü yeniləməsi zəruridir”.