Azərbaycan Dillər Universitetində (ADU) professor Rəhman Bədəlovla növbəti görüş keçirilib.
Bu barədə "TehsilMedia.az"a ADU-dan bildirilib.
Görüş Həsən bəy Zərdabinin həyat və yaradıclığına həsr edilib.
Professor, Zərdabinin Azərbaycan tarixində və mətbuatında önəmli rolu, imza atdığı yeniliklər və əvəzolunmaz töfhələri barədə danışıb, şəxsi araşdırmaları nəticəsində Zərdabinin fəaliyyətinə dair əldə etdiyi dəyərli məlumatları bölüşüb.
Görüşdə universitetin müəllimləri, doktorant və magistrlar, o cümlədən, universitetin nəzdində fəaliyyət göstərən Yaradıcılıq fakültəsinin tələbələri iştirak ediblər.
İştirakçılar daha sonra professora Zərdabinin həyatı və fəaliyyəti barədə suallar ünvanlayıb, onları maraqlandıran sualların cavablarını öyrəniblər.
Sonda professor tələbərərin dünyagörüşünün formalaşmasında və onların milli dəyərlər barədə məlumatlılığının artmasında belə görüşlərin əvəzsiz rolu olduğunu vurğulayıb, görüşün təşkili üçün Azərbaycan Dillər Universitetinə və universitetin rektoru akademik Kamal Abdullaya təşəkkürünü bildirib.
Qeyd edək ki, Rəhman Bədəlov Həsən bəy Zərdabidən bəhs edən "Zərdablı adam" kitabının müəllifidir.
Professorun bundan başqa bir neçə kitabı nəşr edilib. O, həmçinin mətbuatda yazılarla da çıxış edir.