Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramına start verilib.
UNEC-dən "
TehsilMedia.az"a bildirilib ki, proqram qida mühəndisliyi ixtisasında təhsil almaq istəyən abituriyentlər üçün nəzərdə tutulub. Azərbaycan vətəndaşı olan abituriyentlər proqramda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlardan qənaətbəxş balı topladıqdan sonra, ixtisas seçimi zamanı “Qida mühəndisliyi ixtisası Ege Universiteti ilə birgə proqram”ın ixtisas kodunu qeyd etməlidirlər.
Abituriyentlərin DİM qəbulu ilə yanaşı, Türkiyə YÖS və ya Ege YÖS imtahanından zəruri balı (200) yığması, eləcə də türk dilindən C1 sertifikatını (TÖMER, TÖBİR və ya Yunus Əmrə İnstitutu) əldə etməsi tələb olunur.
Bu proqrama qəbul sayı 20 nəfərdir. Tələbələr I və IV kursda UNEC-də, II və III kursda isə Ege Universitetində təhsil alacaqlar. Ege Universitetində tədris türk dilində aparılacaq. Proqramda iştirak ödənişlidir.
Proqramı uğurla bitirən tələbələr məzun olduqda həm UNEC-in, həm də Ege Universitetinin diplomunu əldə edəcəklər.