Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbuluna başlanır.
TehsilMedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təhsil Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri
Nicat Əsədli bildirib ki, proses iyulun 25-i saat 11-də start götürəcək. Sənəd qəbulu iyul ayının 31-nə qədər davam edəcək. Ondan sonra sənədlərin ekspertizasiyasına başlanılacaq. Növbəti ayın sonuna qədər vətəndaşlara nəticələri barədə məlumat veriləcək. Köçürülmə həm ölkə daxilində, həm də ölkə xaricində olan tələbələrə aiddir.
Tələbələrin köçürülməsi yaxud ixtisasının dəyişdirilməsi, xarici ölkə təhsil müəssisələrindən ölkədaxili ali məktəblərə bərpası, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələrinin köçürülməsi üçün elektron sənəd qəbulu
transfer.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Portala müraciət edən şəxslər köçürülmək istədikləri təhsil müəssisəsini və ya ixtisası seçmək imkanına malikdirlər. Köçürülmə üçün tələbənin Dövlət İmtahan Mərkəzi balı, elan olunduğu ildə köçürülmə istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu, köçürülmə istədikləri ixtisaslar eyni ixtisas qrupuna daxil olmalıdırlar.
Qaydalara əsasən, xarici ölkələrin akkreditasiya olunmayan təhsil müəssisələrinin tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alan şəxslərin köçürülməsinə icazə verilmir. Sənəd qəbulu 31 iyul saat 23:59-a qədər davam edəcək.
TƏHSİL MEDİA