Təhsil tələbə krediti üzrə müraciətlərin qəbuluna başlanılıb. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, II və daha yüksək qruplarda təhsil alan tələbələr kredit üçün müraciət edə bilərlər.
Bəs yenicə magistr adını qazanmış tələbələr bu imkandan nə vaxt istifadə edə biləcəklər?
Təhsil Tələbə Kreditindən Azərbaycan ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyəsində orta ixtisas təhsili müəssisələrində, həmçinin peşə təhsili müəssisələrinin yüksək peşə təhsili səviyyəsində təhsil alanlar da yararlana biləcəklər.
Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri
Tehranağa Abdullayev bildirib ki, artıq 26 mindən yuxarı tələbə müraciət edib. Onlardan 20 min tələbənin müraciəti təsdiqlənib. 17 milyondan yuxarı vəsait təhsil müəssisələrinin hesablarına köçürülüb.
Təhsil Tələbə Kreditlərinin iki növü müəyyən olunub. Sosial təhsil tələbə kreditindən ünvanlı dövlət sosial yardımı alan ailənin üzvü, əlliliyi olan və müharibə veteranı olan tələbələr, həmçinin ailə başçısını itirməyə görə əmək pensiyası alanlar yararlana bilər. Əgər bu statuslardan heç biri yoxdursa, o zaman valideynlərin statusuna baxılır.
Hər iki valideyni və yaxud bir valideyni işsiz kimi qeydiyyatda olan yaşa görə əmək pensiyası və yaxud sosial müavinət alan, birinci və ikinci qrup əlliliyi olan şəxslərin də övladları bu kreditdən yararlana bilərlər. Sosial kredit illik 2 %-lə verilir. Bu imtiyazları olmayanlar isə standart illik 6%-lə Tələbə Təhsil Kreditindən yararlana bilirlər. Kredit götürən tələbənin həmin semestr üzrə akedemik göstəricisi 71 və daha yuxarı olarsa, o, faiz ödəməli olmayacaq. Əlaçı olaraq bitirərsə, götürdüyü kredtin 50%-i özünə qaytarılacaq. Yerdə qalan hissə isə faizsiz olaraq 10 il ərzində ödənilməlidir.
Magistratura səviyyəsi üzrə yeni qəbul olmuş tələbələr üçün yaxın günlərdə portal.edu.az üzərindən qeydiyyat başlayacaq. Həmin tələbələrin eyni zamanda tələbə təhsil krediti üçün müraciət etmək imkanı olacaq.
7300-dən yuxarı tələbə ödənişli əsaslarla magistraturaya qəbul olub.
Bakalavr və subbakalavr təhsil səviyyələri üzrə tələbələr ixtisas seçimi etdikdən sonra paralel olaraq kredit üçün də müraciət edə bilərlər.
Müraciət qaydası isə onlayn şəkildə həyata keçirilir.