Bolqarıstanda ali məktəb tələbələri arasında Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilib. Olimpiadada Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının müdiri, professor Rəşid Əliyevin rəhbərliyi ilə III kurs tələbələri Vüqar Quliyev, Amil Cəbiyev və II kurs tələbəsi Coşqun Məmmədov iştirak ediblər.Bu barədə "
TehsilMedia.az"a BDU-dan məlumat verilib.
Beynəlxalq Riyaziyyat Olimpiadasında göstərdiyi nəticələrə görə Vüqar Quliyev birinci yeri qazanaraq qızıl medala sahib olub. Amil Cəbiyev həvəsləndirici diploma, Coşqun Məmmədov iştirak sertifikatına layiq görülüblər.
Olimpiadada yüksək nəticələr göstərən tələbələr ilə görüşdə BDU-nun rektoru Elçin Babayev universitetdə olimpiada hərəkatının gündən-günə genişləndiyini diqqətə çatdırıb. Rektor qeyd edib ki, bununla əlaqədar xüsusi mərkəzin yaradılması, fizika, kimya, riyaziyyat və informatika fənləri üzrə tələbə və şagirdlərin olimpiadalarda iştirakına xüsusi diqqət ayrılması, məşğələ aparan müəllim və olimpiada rəhbərlərinin mükafatlandırılması nəzərdə tutulub.
Universitet Elmi Şurasının qərarı ilə respublika və beynəlxalq fənn olimpiada qaliblərinin müsabiqədənkənar BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə qəbul olunması qərara alınıb.