Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində 9 kafedra və 26 tədris laboratoriyası fəaliyyət göstərir.
BDU-dan "
TehsilMedia.az"a bildirilib ki, fakültənin tələbə və magistrantları BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalarda, Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində tədqiqat aparmaq imkanlarına malikdirlər.
Fakültədə Ümumi fizika və fizikanın tədrisi metodikası, Nəzəri fizika, Optika və molekulyar fizika, Yarımkeçiricilər fizikası, Maddə quruluşu, Fiziki elektronika, Bərk cisimlər fizikası, Astrofizika və Nanomaterialların kimyəvi fizikası kafedraları fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlər üzrə tədris laboratoriyalarında tələbələrin iştirakı ilə tədqiqatlar aparılır.
Bakalavriat səviyyəsində 3 ixtisas (Fizika, Fizika müəllimliyi və Mühəndis fizikası) üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
Fizika ixtisasında universal kadr hazırlığı aparılır, bu ixtisası bitirən tələbələr fizika sahəsi üzrə elmi-tədqiqat institutlarında, sənaye-texnoloji parklarda və digər sahələrdə çalışa bilərlər.
Fizika müəllimliyi ixtisasını bitirən məzunlar orta ümumtəhsil məktəblərində, liseylərdə Fizika fənnini tədris edə bilərlər.
Mühəndis fizikası ixtisasında fizika üzrə biliklərin tələb olunduğu sənaye sahələri üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlığı aparılır.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində həyata keçirilir.