Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının ən nüfuzlu universitetlərdən biri olan İNHA Universiteti arasında bakalavr səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramının (BMU-İNHA İDP) 2023/2024-cü tədris ili üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb.
Universitetdən "
TehsilMedia.az"a verilən məlumata görə, 300-dən çox namizədin qeydiyyatdan keçdiyi, 246 nəfərin iştirak etdiyi daxili imtahanın nəticələrinə əsasən, 2023/2024-cü tədris ili çərçivəsində 4 ixtisas istiqaməti üzrə ayrılan 123 yerin hamısı dolub. Müvafiq olaraq 35 tələbə İnformasiya texnologiyaları, 35 tələbə Elektronika mühəndisliyi, 28 tələbə Elektrik mühəndisliyi və 25 tələbə İnşaat mühəndisliyi ixtisasları üzrə yeni tədris ilindən etibarən BMU-İNHA İDP-də təhsil alacaq.
Məlumat üçün bildirək ki, qəbul olan 123 nəfərdən 37 nəfəri qız, 86 nəfəri isə oğlan tələbədir. BMU-İNHA İDP çərçivəsində 1-ci kursda təhsil alacaq tələbələrin arasında ən çox yeri Bakı (63 nəfər), Sumqayıt (20 nəfər), Xırdalan (8 nəfər) və Gəncə (8 nəfər) şəhərlərindən olan abituriyentrlər təşkil edəcək.
Qəbul müsabiqəsində iştirak etmiş namizədlər arasında ən yüksək balı (675.1) Elektronika mühəndisliyi ixtisasına qəbul olmuş Hakim Musazadə toplayıb. Bundan başqa, İnformasiya texnologiyaları ixtisası üzrə Kamran Əlizadə (652.4 bal), Elektrik mühəndisliyi ixtisası üzrə Nəbi Şadıyev (599.2 bal), İnşaat mühəndisliyi ixtisası üzrə Jalə Qurbanova (600.5 bal) ən yüksək nəticə əldə edərək BMU-İNHA İDP-də təhsil almaq şansı qazanıb.
Məlumat üçün bildirək ki, 12 avqust tarixində keçirilən imtahanda uğurlu nəticə əldə edən abituriyentlərin təsdiq olunmuş siyahısı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim olunub. Eyni zamanda, onlar Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rəsmi olaraq avtomatik qeydiyyata alınırlar. Bu səbəbdən qəbul olunmuş namizədlər rəsmi BMU-İNHA İDP tələbəsi statusunu qazanaraq, 16-28 avqust 2023-
cü il tarixlərlərini əhatə edən DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirakdan azaddırlar.
3+1 modelinə əsaslanan ikili diplom proqramında tədrisin 3 ili BMU, 1 ili isə İNHA Universitetində həyata keçirilir və bütün ixtisaslar üzrə qəbul tam dövlət sifarişli əsaslarla aparılır. BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün proqramın şərti olan Koreya dili dərsləri hər semestr tədris olunacaq və tələbələr müvafiq olaraq “TOPİK” sertifikatı əldə etmək üçün imtahanlarda iştirak edəcəklər. Təhsilalanların Koreya Respublikasında 1 illik tam təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri də “2019-2023 cü illər Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən qarşılanır.
Qəbul prosesi 2020-ci ildən həyata keçirilən BMU-İNHA İDP çərçivəsində hazırda 270-dən çox tələbə təhsil alır.
BMU-İNHA İDP-də təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim ediləcək.
Yüksək nəticələr və yerlərin 100% dolması vurğulamağa imkan verir ki, BMU-İNHA İDP-nin fəaliyyət planının icrası nəticəsində əsas keyfiyyət göstəricilərindən biri olan daha istedadlı, eyni zamanda yüksək bal toplamış tələbələrin proqrama cəlb olunması uğurla təmin edilib.