UNEC ilə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Sankt-Peterburq şəhərində "Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Bu barədə universitetdən TehsilMedia.az-a məlumat verilib.
Bildirilib ki, konfransın məqsədi ulu öndər Heydər Əliyevin Azərbaycan ilə Rusiya arasında əməkdaşlığa qazandırdığı nailiyyətləri təhlil etmək, o cümlədən iki ölkənin iqtisadi, enerji və mədəni əməkdaşlıq layihələrini müzakirə etmək olub.
Beynəlxalq konfransda UNEC rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti, Rusiya və Azərbaycanın dövlət nümayəndələri, ictimai xadimlər, rus və azərbaycanlı icmaların nümayəndələri, tədqiqatçı və ekspertlər iştirak ediblər.
Sankt-Peterburq Dövlət İqtisad Universitetinin (SPbDİU) rektoru prof.İqor Maksimtsev konfransın açılışında çıxış edərək, Azərbaycan ilə Rusiya arasındakı əməkdaşlıq münasibətlərindən danışıb. Bu qarşılıqlı əməkdaşlıqda universitetlərin xüsusi rolunu diqqətə çatdırıb.
Rektor prof. Ədalət Muradov 2023-cü ilin Azərbaycanda "Heydər Əliyev İli” elan edilməsini vurğulayaraq, dünyanın müxtəlif ölkələrində ümummilli liderə həsr olunmuş tədbirlərin keçirildiyini bildirib. Konfransın Sankt Peterburq şəhərindən keçirilməsinin iki əsas məqamını diqqətə çatdıran rektor, ulu öndərin bir zamanlar bu şəhərdə ali təhsil aldığını iştirakçıların diqqətinə çatdırıb. Həmçinin UNEC-in əvvəllər SPbDİU-nun Bakı şəhərindəki filialı kimi fəaliyyət göstərdiyini qeyd edib. Ədalət Muradov konfransın hər iki universitet arasındakı yeni əməkdaşlığın inkişafına töhfələr verəcəyindən əminliyini ifadə edib.
Beynəlxalq konfransda ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti və misilsiz xidmətləri haqqında maraqlı məruzələr dinlənilib. Plenar iclasda UNEC-in Elmi Fəaliyyətin Təşkili və İdarə Olunması Departamentinin direktoru professor Zahid Məmmədovun Azərbaycan ilə Rusiya arasında strateji əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu haqqında məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Konfrans çərçivəsində "Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlıq: Heydər Əliyevin rolu və inkişaf üçün yeni impulslar” mövzusunda təşkil olunan dəyirmi masada Rusiya və Azərbaycan arasında Avrasiya mədəniyyətlərinin dialoqu, təhsil və elm, iqtisadiyyat və sənaye, enerji və logistika sahələrində əməkdaşlığın yeni imkanları nəzərdən keçirilib. UNEC Dizayn məktəbinin direktoru dos.Lalə Məmmədova və Tətbiqi iqtisadiyyat kafedrasının müdiri dos.Sevinc Abbasova təmsil etdikləri fakültə və kafedranın fəaliyyəti ilə bağlı çıxış ediblər.
Konfransda UNEC ilə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektorları arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Sənədə əsasən, tərəflər arasında müəllim və tələbələrin akademik mübadilələrinin stimullaşdırılması, birgə təhsil proqramlarının hazırlanması, elmi konfransların təşkili, tədqiqatların aparılması və elmi məqalələrin nəşri nəzərdə tutulub.
Səfər zamanı UNEC kollektivi ümummilli lider Heydər Əliyevin Sankt Peterburqdakı Xatirə lövhəsini ziyarət edərək, önünə güllər düzüblər, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.