Bakı Dövlət Universiteti (BDU), "Azərbaycan Elm və İnnovasiya Könüllüləri”nin təşkilatçılığı, Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı və region gənclərinin I elmi konfransı keçirilib.
TehsilMedia.az xəbər verir ki, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov və Biologiya fakültəsinin dekanı Afət Məmmədova konfransın işinə uğurlar arzulayıb, Azərbaycanda və BDU-da gənclər, təhsil və elm siyasəti sahəsində həyata keçirilən layihələr, qazanılan uğurlar barədə məlumat veriblər.
Sonra layihə rəhbəri - Biologiya fakültəsinin IV kurs tələbəsi Züleyxa Qənbərova qalibi olduğu qrantın əldə olunması və bu vaxta kimi görülən işləri diqqətə çatdırıb. O, layihənin "İdeyanı reallaşdır - 2022” qrant müsabiqəsində "Gənc lider” kateqoriyası üzrə qalib olduğunu bildirərək, tezislərin yazılma qaydaları barədə təlimlər keçirildiyini və 5 müxtəlif istiqamət üzrə 9 universitetin (BDU, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Xəzər Universiteti) tələbələri, Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Botanika İnstitutu, Fizika İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun gənc tədqiqatçıları tərəfindən göndərilən 107 materialın konfransın proqramına daxil edildiyini qeyd edib.
Təşkilat komitəsinin sədri Sevinc Hümbətova, layihənin təşkilatçısı Əfsanə Surxaylı, konfransın proqram komitəsinin üzvləri Ələkbər Hüseynzadə və Orxan Güləhmədov öz çıxışlarında Gənclər Fondu tərəfindən maliyyələşdirilən belə layihələrin Azərbaycan gənclərinin inkişafına yardım etdiyini bildiriblər.
Daha sonra konfransın dəvət olunmuş məruzəçisi Kim Jiseok "Triboelektrik Nanogeneratorlar (TENGs): köhnə və tanınmış fenomendən yeni enerji toplama ideyası” ("Triboelectric Nanogenerators (TENGs): a novel energy harvesting idea from an old and well-known phenomenon”) mövzusunda çıxış edərək yeni növ enerji toplamaq strategiyasına malik TENG və onlar əsasında hazırlanan sistemlər haqqında məlumat verib.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.