Özəl Universitetlərdə qəbul balı dövlət universitetlərinə nisbətdə aşağıdır. Həmin təhsil müəssisələri bəzi hallarda aşağı bal toplayan abituriyentlərin “güman yeri” hesab olunur. Bəs görəsən, özəl universitetlərdə qəbul balı niyə aşağıdır?
Mövzunu "
TehsilMedia.az"a şərh edən təhsil eksperti
Nadir İsrafilov bildirib ki, bu hal hər şeydən əvvəl ödənişlə bağlıdır, yəni özəl universitetlərin bir qayda olaraq ödənişli olmasıdır: "Nəzərə alsaq ki, dövlət ali təhsil müəssisələrində də dövlət hesabına və ödənişli əsaslarla olan ixtisaslara keçid balında eyni mənzərə müşahidə olunur, belə bir fərqin yaranma səbəblərini anlamaq o qədər də çətin deyil. Özəl lisey və gimnaziyalarla müqayisədə özəl universitetlərə maraq da lazımi səviyyədə deyil. Bir çox xarici ölkələrdə daha çox özəl universitetlərə üstünlük verildiyi halda, bizdə özəl universitetlərə həvəs elə də yüksək səviyyədə deyil. Özəl universitetlərə inam və güvənin az olmasına sovetdən qalma bəzi universitetlərin filiallar açması, sonradan bunların bəzilərinin rəqabətə davam gətirməyərək bağlanması, bəzi işə götürənlərin özəl ali məktəblərin diplomların tanımaması kimi faktlar da təsirsiz ötüşməyib. Dünyanın bir çox inkişaf etmiş ölkələrində tələbələr ona görə özəl universitetləri seçir ki, hökumət tərəfindən təhsil üçün kifayət qədər kredit verilir. Bununla təhsil alanlar təhsil aldığı müddətdə təhsil haqqını ödəyirlər və işlədikdən sonra yavaş-yavaş bu məbləği geri qaytarırlar. O ki, qaldı özəl universitetlərdə qəbul balı niyə aşağı olmasına, və ora daha çox aşağı bal toplayan abituriyentlərin "güman" yeri hesab olunmasının nə ilə əlaqədar olmasına, bu sualın cavabına DİM sədri Məleykə Abbaszadə kifayət qədər aydınlıq gətirib. Müəyyən şəxslər ali təhsili yalnız diplom naminə almaq istəyir və bu, düzgün yanaşma deyil.
TƏHSİL MEDİA