SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu il yüksək nəticə göstərərək BANM-ə qəbul olan və Prezident təqaüdünə layiq görülən 29 tələbə ilə görüşüb.
TehsilMedia.az xəbər verir ki, rektor tələbələri bu ali təqaüdə layiq görülmələri münasibətilə təbrik edərək bildirib ki, bu təqaüd onların təhsil həyatında və gələcək karyeralarında mühüm rol oynayacaq. Elmar Qasımov bu il də ölkənin bilikli, bacarıqlı gənclərinin Ali Məktəbi seçdiyini və Prezident təqaüdçülərinin sayına görə Bakı Ali Neft Məktəbinin ölkə ali təhsil müəssisələri arasında liderliyini qoruduğunu vurğulayıb. O əmin olduğunu bildirib ki, onlar Azərbaycanın intellektual gəncləri olaraq uğurlarını davam etdirəcək, fəallıqları ilə seçiləcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2023/2024-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülmüş 102 tələbənin 29-u BANM-də təhsil alır. BANM-in Prezident təqaüdçülərindən 13 nəfəri İnformasiya təhlükəsizliyi, 10 nəfəri Biznesin idarəedilməsi, 4 nəfəri Kimya mühəndisliyi, 2 nəfəri isə Kompüter mühəndisliyi ixtisasının tələbəsidir.