Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan "TehsilMedia.az" a bildirilib ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən institutun baş direktoru akademik İradə Hüseynova vurğulayıb ki, sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Zəfəri və torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnib.
“Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən mühüm amillər oldu. Vətən müharibəsindən sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı. Antiterror tədbirləri nəticəsində düşmən təslim olmağa məcbur oldu. Bütün təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyevin uzaqgörənliklə və qəti iradə ilə apardığı siyasət nəticəsində indi Xankəndidə Azərbaycanın Dövlət Bayrağı dalğalanır. İndi tam əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır. Bu gün artıq Azərbaycanın suverenliyi tam bərpa olunub və buna görə biz bütün şəhidlərimizə və qazilərimizə borcluyuq”, – deyə akademik İradə Hüseynova bildirib.
Tədbirdə AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, qazi Ceyhun Abdullayev, müharibə iştirakçısı Əvəzxan Əzizov, şəhid Aslan Rzayevin bacısı Firuzə Rzayeva, qazi Arif Cəbrayılovun anası Mayaxanım Xanışova, yaxın qohumu Aprel döyüşlərində qəhrəmancasına həlak olan Turanə İsgəndərova, qardaşı müharibədə qəhrəmancasına döyüşən və Birinci Qarabağ müharibəsində yaxın qohumu şəhid olan Aygün Sadiqova, Birinci Qarabağ müharibəsinin iştirakçıları Nurməmməd Mustafayev, Mikayıl Paşayev, Şahvələd Məmmədov, həmin müharibədə yaxınları şəhid olan institutun icraçı direktoru Ələmdar Məmmədov və Fəzail Məmmədov çıxış edərək iştirakçıları Zəfər Günü münasibətilə təbrik ediblər.
Daha sonra tədbirdə Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunub.


