"İndiki halda işğaldan azad olunmuş ərazilərdə məskunlaşacaq əhaliyə təhsil xidmətlərinin göstərilməsi üzrə mütəxəssislərin fəaliyyətləri stimullaşdırılmalıdır. Çünki ora gedəcək müəllimlər ilkin olaraq sözügedən ərazilərdə yaşamaq üçün təlimlərə cəlb olunmalı, onların əməkhaqlarına xüsusi əlavələr edilməlidir. Qarabağ Universitetində ilk növbədə, Qarabağ regionunun inkişafı üçün kadr potensialı yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir. Eyni zamanda, universitetdə Qarabağın tarixinin tədris olunmasına xüsusi diqqət yetirilməlidir".Bu fikirləri “
TehsilMedia.az”a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, işğaldan azad edilən tarixi torpaqlarımıza qayıdışın sürətini nəzərə alsaq, Qarabağ Universitetində əlavə ixtisaslara da ehtiyac var: "Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə məktəblərin pedaqoji kadrlara olan ehtiyacını ödəmək üçün bütün fənlər üzrə ixtisaslı kadrların hazırlanması Qarabağ Universitetinində təşkil edilməlidir. Nəzərə alsaq ki, hətta paytaxt məktəblərində də bir sıra fənlər üzrə müəllim çatışmazlığı müşahidə olunur, bu, o deməkdir ki, yeni köçürülmədən sonra həmin ərazilərdə də eyni çatışmazlığı görə biləcəyik. Gənclərin Qarabağ Universitetinə üz tutmasını daha da sürətləndirilmək üçün burada Hüquqşünaslıq, Dövlət və İctimai Münasibətlər və Tibb kimi ixtisaslarına ehtiyac duyulur. Ümumilikdə isə, 2024-cü ilin sentyabrı əsl təhsil bayramı olacaq".
TƏHSİL MEDİA