SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov "BDO Azərbaycan” MMC-nin idarəedici partnyoru Yunis Salayevlə görüşüb.
Bu barədə "TehsilMedia.az"a BANM-dən məlumat verilib.
Rektor Elmar Qasımov ali məktəbin ixtisasları, Prezident təqaüdçülərinin sayı barədə məlumat verərək bildirib ki, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə SOCAR-ın strukturunda yaradılan Bakı Ali Neft Məktəbi böyük uğurlar qazanaraq ölkənin ali təhsil müəssisələri arasında seçilməyi bacarıb. Elmar Qasımov qeyd edib ki, burada tədris istehsalatla sıx əlaqədə həyata keçirilir və məzunlar SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, transmilli şirkətlərdə çalışırlar.
"BDO Azərbaycan” MMC-nin idarəedici partnyoru Yunis Salayev təmsil etdiyi şirkət barədə məlumat verib və bildirib ki, bu şirkət dünyanın 5 ən böyük auditor şəbəkələrindən olan BDO qlobal şəbəkəsinin Azərbaycanda ilk və yeganə rəsmi üzvüdür. O qeyd edib ki, rəhbərlik etdiyi şirkət Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıqda maraqlıdır.
Görüşdə tələbələrin şirkətdə təcrübə keçməsi və məzunların işlə təmin edilməsi müzakirə edilib, həmçinin əməkdaşlığın digər istiqamətləri üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.