Dekabrın 18-də Özbəkistan Respublikasının Daşkənd İnformasiya Texnologiyaları Universitetinin Nurafşan filialının rəhbərliyi Azərbaycana səfər çərçivəsində Sumqayıt Dövlət Universitetində olub.
TehsilMedia.az xəbər verir ki, səfərin məqsədi ikitərəfli əməkdaşlığın müzakirə edilməsi, əməkdaşlığa dair Memorandumun imzalanması, habelə SDU-nun qabaqcıl təcrübəsinin öyrənilməsi idi.
Görüşü Sumqayıt Dövlət Universitetinin rektoru
Rüfət Əzizov açaraq qonaqları salamlayıb və onları universitetdə görməkdən məmnunluğunu ifadə edib. İki qardaş ölkənin ali məktəbləri arasında əməkdaşlığın çox məhsuldar və faydalı olacağını vurğulayan Rüfət Əzizov təcrübə mübadiləsinin hər iki universitetin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Universitet haqqında dolğun məlumat verən rektor SDU-nun çoxprofilli bir universitet olduğunu və Daşkənd İnformasiya Texnologiyaları Universiteti ilə ortaq əməkdaşlıq imkanlarının mümkünlüyünü xüsusilə vurğuladı.
Hər iki universitetin geniş tədris imkanları və maddi-texniki bazası haqqında müfəssəl məlumatların əks olunduğu videoçarx nümayiş olunduqdan sonra qonaqlar SDU-nun Heydər Əliyev Mərkəzi, kompüter texnologiyaları və proqramlaşdırma, elektron çeviriciləri və ölçmələr, avtomatlaşdırma və informasiya texnikası, texnoloji ölçmələr və texniki vəsaitlər, avtomatik tənzimləmə, rəqəmli idarəetmə sistemləri, eyni zamanda SDU nəzdində tədris məqsədilə yaradılan açıq səma altında Elektroenergetikanın tədris muzeyi və arxeologiya və etnoqrafiya auditoriyası ilə yaxından tanış olublar.
Səmimi qəbula görə təşəkkür edən qonaqlar SDU-da olmaqdan məmnunluğunu ifadə ediblər, təmsil etdikləri ali təhsil müəssisəsi haqqında ətraflı məlumat veriblər. SDU-nun fəaliyyətini yüksək qiymətləndirib, əməkdaşlığın əhəmiyyətindən danışdılar. Universitetlər arasında elm, təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edərək, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayıblar.
Görüşdə SDU-nun Tədrisin təşkili və təlim texnologiyarı üzrə prorektoru dosent Natiq Talıbov, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov, Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev və Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva, Daşkənd İnformasiya Texnologiyaları Universitetinin Nurafşan filialından isə direktor Nasrullayev Nurbek Baxtiyoroviç, Ümumi işlər üzrə direktor müavini Oçilov Uluqbek Şodimurodoviç, direktorun müşaviri Fozilov Azamat Axmadjonoviç, Elmi işlər üzrə direktor müavini Maxmudov Salimjon Olimjonoviç və Elmi hissənin müdiri Mambetova İndira Jaksımuratovna iştirak ediblər.
Görüş universitetlər arasında Əməkdaşlıq Memorandumunun imzalanması və xatirə hədiyyələrinin təqdim olunması ilə başa çatıb.