Çin Elmlər Akademiyasının nümayəndə heyəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda olub.
Bu barədə
"TehsilMedia.az" a institutdan məlumat verilib.
Bildirilib ki, səfərin məqsədi Botanika İnstitutu ilə Çin Elmlər Akademiyasının Xinjiang Ekologiya və Coğrafiya İnstitutu arasında əməkdaşlığa dair memorandumun imzalanması olub.
Nümayəndə heyəti ilə keçirilən görüşdə Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva qonaqlara institutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və əldə olunan nailiyyətlər barədə məlumat verib.
Çinli alimlər əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək elmi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Sonra Botanika İnstitutu ilə Xinjiang Ekologiya və Coğrafiya İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu Səyyarə İbadullayeva və Zhang Yuanming imzalayıblar. Əməkdaşlıq müqaviləsində birgə tədqiqatlar aparmaq, kadr hazırlığı və təcrübə mübadiləsi, müştərək nəşr işləri, elmi tədbirlərin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.
Səfər çərçivəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Çin nümayəndə heyətinin üzvləri Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Çin Mədəniyyət Mərkəzi ilə tanış olublar. Həmçinin Botanika İnstitutu tərəfindən ölkəmizin bir sıra ərazilərinə müştərək ekspedisiyalar təşkil olunub. Ekspedisiyanın məqsədi çinli alimlərin iştirakı ilə yarımsəhra əraziləri müşahidə etmək və gələcəkdə bu ərazilərdə bərpa işlərinin aparılması üçün birgə tədqiqatların həyata keçirilməsi olub.