AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən dəyirmi masa keçirilib.
Bu barədə "TehsilMedia.az"a AMEA-dan bildirilib.
Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə bildirib ki, "Heydər Əliyev İli” çərçivəsində AMEA-nın institutlarında silsilə tədbirlər keçirilir. "Bununla yanaşı Heydər Əliyevin 100 illiyinə həsr edilən müxtəlif sərgilər keçirilir və nəşrlər dərc olunur. Təsviri sənət sərgilərinin keçirilməsi ənənə halını almışdır. AMEA üzrə ilk təsviri sənət sərgisi 2014-cü ilin noyabr ayında Elm festivalı çərçivəsində keçirilmişdir. Bu sərgilərin ideya müəllifi və təşəbbüsçüsü akademik İsa Həbibbəyli olmuşdur. Mayın 1-də AMEA-nın Ümumi yığıncağı çərçivəsində baş tutan sərgi AMEA üzrə 19-cu sərgidir. Növbəti 20-ci sərginin keçirilməsi AMEA prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə, iyun ayında nəzərdə tutulur”.
Ə.Salamzadənin sözlərinə görə bu sərgidə nümayiş etdirilən əsərlərdə təsviri sənətin bütün növlərinə rast gəlmək mümkündür. İnstitutun kiçik elmi işçisi Oksana Məmmədovanın çəkdiyi rəsm əsərində həm heykəltaraşlıq, həm də rəssamlıq üslubu vardır. Tarix İnstitutunun əməkdaşı Cəmaləddin İsmayılovun yaratdığı əsərdə Ulu Öndərin ailə tablosunda mehriban ailə mənzərəsi canlandırılıb.
Sonra Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlü, Memarlıq və İncəsənət İnstitutunun icraçı direktoru, dosent Xəzər Zeynalov, eləcə də hər iki institutun bir neçə əməkdaşı mövzuyla və sərgiylə bağlı fikirlərini bildiriblər.