Astara Pedaqoji Kollecində 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir.
Kollecin direktoru, professor Kamran Kazımov imtahanların gedişini izləmək məqsədilə imtahan otaqlarına baş çəkərək vəziyyətlə əyani tanış olub, tələbələrlə söhbətləşib, problem və qayğıları ilə maraqlanıb. Prof. Kamran Kazımov kollecin müəllim heyəti ilə görüşü zamanı onları tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanlarda şəffaflığın təmin edilməsi üçün bütün imkanlardan maksimum səmərəli istifadə etməyə çağırıb.
Sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədi ilə kollecin direktoru Kamran Kazımovun sədrlik etdiyi Operativ Qərargah yaradılıb. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin operativ olaraq araşdırılması və müvafiq qərar qəbul edilməsi məqsədi ilə yaradılmış Apellyasiya komissiyaları imtahanların başladığı ilk gündən fəaliyyətdədir.
Qeyd edək ki, Astara Pedaqoji Kollecində 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına 7 yanvar tarixindən start verilib və fevralın 1-nə qədər davam edəcək. Xatırladaq ki, kollecdə 20 ixtisas üzrə 1100-dən çox tələbə təhsil alır.