Azərbaycanda hər 4 uşaqdan 1-i dövlət bağçasına gedə bilmir. Belə ki, ölkədə 1693 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumilikdə 121000 azyaşlı dövlət bağçasına gedir. Bu da bağça yaşlı uşaqların 25 faizini təşkil edir. Bu tipli özəl müəssisələrin sayı isə cəmi 121-dir. Bir sözlə, bağça azlığından uşaqların bir çoxu bu təhsildən məhrum olur. Bəs məktəbəqədər təhsil nə qədər əhəmiyyətlidir? Bütün uşaqlar məktəbə getməlidirmi?
TehsilMedia.az məlumat verir ki, mütəxəssislər bildirirlər ki, 6 yaşa qədər olan müddət ən sürətli inkişaf dövrüdür. Bağça isə uşağı 4 fərqli istiqamətdə inkişaf etdirir. Fiziki, zehni, sosial və emosianal. Klinik-psixoloq
Nuriyə Quliyeva bildirib ki, məktəbəqədər təhsil azyaşlıların inkişafında mühüm rol oynayır. Bu təhsil növü uşaqların sosiallaşmasında əsas faktorlardan hesab olunur. Ancaq 3 yaşdan aşağı uşaqların bağçaya göndərilməsi tövsiyə edilmir. Bu yaşa qədər körpələrin ailə mühitində böyüməsi daha məqsədəuyğundur. Bəzi hallarda isə uşaqlar bağçaya getmək istəmirlər. Psixoloq bunu adaptasiya dövrü ilə əlaqələndirir.
Bundan başqa azyaşlıların bağçada xoşagəlməz münasibətlə qarşılaşdığı hallara da rast gəlmək mümkündür. Bu məsələlərdə valideynlər xüsusilə diqqətli olmalıdır.
Təhsil eksperti
Elşən Qafarov bildirib ki, uşaqlar üçün məktəbə hazırlıq prosesi daha önəmlidir. Bu hazırlıqlar həm bağça və məktəbdə, həm də fərdi şəkildə ailədə təşkil oluna bilər.
Elşən Qafarov deyir ki, 12 illik təhsilə keçdikdən sonra məktəbə qədər təhsil də icbari olacaq. Övladını bu prosesdən yayındıranlar isə inzibati qaydada məsuliyyət daşıyacaqlar.