İyulun 25-dən uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbuluna start verilir. Valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada biləcəklər.
TehsilMedia.az azedu.az-a istinadən, valideynləri maraqlandıran elektron sənəd qəbulu, qeydiyyat müddəti, yaş məhdudiyyəti və s. kimi sualların cavablarını təqdim edir:
Elektron sistem vasitəsilə məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu hansı tarixdən başlayır?
-Ərizələrin onlayn qeydiyyatına 25 iyul tarixindən, uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə regional təhsil idarələri üzrə 1 avqust tarixindən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe müəssisələrdə isə 8 avqust tarixindən başlanılır.
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron sənəd qəbulu necə həyata keçirilir?
-Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu bq.edu.az portalı vasitəsilə həyata keçirilir.
Məktəbəqədər təhsil müəssisələrinə hansı uşaqlar qəbul edilirlər?
-Məktəbəqədər təhsil müəssisələrinə 1 yaşdan 6 yaşadək uşaqlar qəbul edilirlər.
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron sənəd qəbulu hansı müddətdə həyata keçirilir?
-Uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə avqustun 1-dən başlanılır və proses sentyabrın 1-də qrupların komplektləşdirilməsi səbəbilə müvəqqəti dayandırılır. Qrupların komplektləşdirilməsi prosesi bitdikdən sonra elektron qəbul sistemi yenidən aktiv olacaq və ilboyu boş yerlərə qəbul aparılacaq. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbəqədər təhsil müəsisəsinə təqdimolunma müddəti uşağın sorğusu qəbul edildikdən sonra 15 (on beş) gün ərzində həyata keçirilir.
Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılan uşaqların qəbulu necə həyata keçirilir?
-Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 (beş) gündən sonra həyata keçirilir. Sistem göstərilən müddət ərzində prioriteti olan uşaqların növbələrini sorğuya çevirir. Növbəti mərhələdə boş qalan yerlərə prioritetsiz uşaqların yerləşdirilməsi təmin olunur.
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu zamanı hansı prioritetlər nəzərə alınır?
-Məktəbəqədər təhsil müəssisələrində onlayn qeydiyyat zamanı aşağıda göstərilən kateqoriyadan olan uşaqların qəbulu üzrə üstünlük hüquqları təmin olunur:
- şəhid ailələrinin uşaqları;
-Qarabağ və Vətən müharibəsi iştirakçılarının, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- tək işləyən valideynlərin uşaqları;
- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- hərbi xidmətdə olan valideynlərin uşaqları;
- təhsil alan anaların uşaqları;
- çoxuşaqlı ailələrdən olan uşaqlar;
- qəyyumluqda olan uşaqlar.