Ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına cəlb olunmuş beşyaşlılar üçün resurs dəstlər paylanmağa başlanıb.
TehsilMedia.az xəbər verir ki, pilot olaraq həyata keçirilən layihə çərçivəsində məktəbəhazırlıq qruplarına ümumilikdə 2 212 resurs dəstin (25 adda 787 000 ədəd vəsait) təqdim edilməsi nəzərdə tutulur.
Resursların paylanılmasında məqsəd məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqların tədris ili boyu bacarıq və vərdişlərinin, estetik və yaradıcı bacarıqlarının inkişaf etdirilməsi, onların əl qabiliyyətlərinin, bədii yaradıcılıqlarının üzə çıxarılmasından ibarətdir.
Elm və Təhsil Nazirliyi tərəfindən təqdim edilən resurs dəstlər yalnız məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulur. Resurs dəstlərinə A 4, vatman kağızları, təbaşir, marker, qayçı, lövhə üçün transporter, ölçü vahidləri, həndəsə taxtası və digər müvafiq vəsaitlər daxildir. Bu resurslar məktəbəhazırlıq qruplarının tədris materiallarına olan ehtiyaclarını təmin edəcək.
Qeyd edək ki, məktəblərdə təhsilalanların və müəllimlərin lazımi tədris resursları ilə təminatı Elm və Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətlərindəndir.