Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ( RUGİM), Dənizkənarı Bulvar İdarəsi, EkoSfera SEM İB-nin birgə əməkdaşlığı ilə məktəblilər üçün “Ekoloji Triada” aksiyası keçirilib.
RUGİM-dən "
TehsilMedia.az"a bildirilib ki, aksiya üç ekoloji əhəmiyyətli günə – 22 May – Beynəxalq Biomüxtəliflik Günü, 23 May – Azərbaycan Ekoloqlar Günü və 24 May – Avropa Milli Parklar Gününə həsr olunub.
“Ekoloji triada”nın təşkil olunmasında məqsəd aksiya çərçivəsində 24 May – Avropa Milli Parklar Günü ilə əlaqədar Azərbaycanın Milli parkları ilə tanışlıq, ekoloji maarifləndirmə və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşdırılmasıdır.
Aksiyada “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində fəaliyyət göstərən Ekoklubların liderləri və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin müxtəlif profilli dərnəklərinin 30-a yaxın üzvü iştirak ediblər.
Avropa Milli Parklar günü ilə əlaqədar Dənizkənarı Milli Parkda baş tutan tədbirdə mütəxəssislər tərəfindən hazırlanan “Milli Parklar arasında fərqi tap!” adlı maarifləndirici aksiya keçirilib. Aksiya zamanı məktəblilər üçün müasir ekoloji problemlər, Azərbaycanın biomüxtəlifliyi və Milli Parklar (təbii və insanyönümlü MP) haqqında ətraflı müzakirələr aparılıb və oyunlar təşkil olunub.
Sonda gənc ekoloqları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, məktəblilər üçün “Ekoloji Triada” aksiyası 2018-ci ildən etibarən keçirilir.