Müəllimlərin işə qəbulu müsabiqəsində həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bəzilərinə üstünlük veriləcək.
TehsilMedia.az xəbər verir ki, müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq.
Məsələn, həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə 3-5 il ərzində fasiləsiz çalışan və hazırda həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə fəaliyyətini davam etdirən müəllimin imtahan nəticəsi 72 baldırsa, bu nəticə 1,05 artım əmsalına vurularaq 75,6 bal kimi hesablanacaq. Həmin müəllim 5 il və daha artıq müddətdə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisədə işləyirsə, bu halda onun imtahan nəticəsi (72 bal) 1,1 artım əmsalına vurularaq 79,2 bal kimi hesablanacaq. Namizəd qeyd olunan kateqoriyadan hər hansı birinə aiddirsə, qeydiyyatdan keçərkən elektron ərizəsində həmin məlumatları müvafiq xanaya düzgün şəkildə daxil etməyi vacibdir, əks halda əmsal tətbiq olunmayacaq.