Bakı şəhəri 56 nömrəli tam orta məktəb və Bakı Nobel İrsi Fondunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı “Açıq dərs” keçirilib.
Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, “Açıq dərs” VIII və IX sinif şagirdlərinin iştirakı ilə İngilis dili fənni üzrə təşkil olunub.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Rafiq İsayev, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri Könül Əhmədova, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, I dərəcəli dövlət müşaviri Dilarə Seyidzadə, müəllim və şagirdlər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Bakı Nobel İrsi Fondunun sədri Sevinc Bağırova və 56 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynova qonaqları salamlayıb və 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına və Ulu Öndərin zəngin irsinin əhatəli təbliğ edilməsinə geniş imkanlar yaratdığını qeyd ediblər.
BŞTİ müdiri Mehriban Vəliyeva çıxışı zamanı Heydər Əliyevin elm, mədəniyyət, ədəbiyyat və incəsənətin inkişafı ilə bağlı məsələlərin həllinə həmişə yüksək həssaslıqla yanaşdığını, cəmiyyətin, xalqın rifahını elmin və təhsilin inkişafında gördüyünü diqqətə çatdırıb.
M.Vəliyeva Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin dövlətimizin inkişaf və tərəqqi yolunun etibarlı bələdçisi, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyi olduğunu vurğulayıb.
İdarə müdiri “Heydər Əliyev İli” çərçivəsində paytaxtdakı ümumi təhsil müəssisələri tərəfindən belə nümunəvi dərslərin keçirilməsinin məktəblilərin gələcək nailiyyətlərinə müsbət təsir göstərdiyini və təşəbbüskarlığın daha da artmasına zəmin yaratdığını bildirib.
Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov Ulu Öndər Heydər Əliyev tərəfindən təhsilin inkişafına xüsusi diqqət göstərildiyini, təhsil sahəsində mühüm islahatlar və layihələr həyata keçirildiyini bildirib.
Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Rafiq İsayev, I dərəcəli dövlət müşaviri Dilarə Seyidzadə dərin zəkaya, siyasi uzaqgörənliyə və müdrikliyə, fenomenal yaddaşa, qətiyyət, cəsarət və humanizm kimi yüksək keyfiyyətlərə malik Dahi Liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb və “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən tədbirlərin müdrik şəxsiyyətin ideyalarına sadiqliyin ifadəsinə çevrildiyini bildiriblər.
Tədbirdə Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.