
Xəbər verdiyimiz kimi, dünən Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi İslamov Elşən Xalid oğlu yaşadığı binanın 9-cu mərtəbəsindən özünü ataraq intihar edib.
Bu intiharın buraxılış imtahanının cavablarının açıqlanması ilə eyni vaxta təsadüf etməsi imtahanın uğursuz keçdiyinə işarədir.
Əsasən də gənclərin intihar hallarının artması olduqca ciddi məsələdir. Bəs bu problemin həlli üçün nə etmək lazımdır?
Bununla bağlı Gülər Məmmədova açıqlamasında bildirib ki, insan psixikasında hər hansısa bir problem yaranarsa və ətrafındakı insanlar buna etinasız yanaşarsa, bu insan özünü təklikdə hiss edər və şərait yaranan kimi özünə qəsd etməyə hazır olar. Psixoloq bildirib ki, insanın özünə qəsd etməyinin bir sıra səbəbləri mövcuddur. Ən əsas faktorlardan biri gənclik yaşına çatmış şəxsin öz ailəsində yaşadığı, şahidi olduğu böhran hallarıdır. Beləlilkə, həmin gənc yaşadığı sıxıntını heç kimlə bölüşə bilmir və problemlərə həll yolu tapa bilmir.
İntihar edən şəxs əvvəlcədən bunu beynində canlandırır və münbit şəraitin yaranmağını gözləyir.
Digər vacib nüanslardan biri, ailənin imtahan nəticələrinə görə övladı sıxmağıdır. Valiyenlərin tənqidinə tab gətirə bilməyən uşaqlar bu yola üz tutmaqla onları cəzalandırmaq istəyir. Bu fikirlə yaşayan insanlar özlərini dəyərsiz hiss edir, həyatlarında yaşadıqları heç nəyə maraq göstərmirlər. Özlərini ətrafdan təcrid edir və özlərinə qapanırlar. Ölümə həyatdan qurtuluş, xilas yolu kimi baxırlar.
Bu halın qarşısını almaq üçün valideyn-tələbə-müəllim üçlüyü bir-biri ilə sıx əlaqədə olmalıdır. Müəllim daim şagirdlərinin davranışlarına nəzarət etməli, onlarla psixoloji sohbətlər aparmalı və bu söhbətlərin sonunda gəldiyi nəticə barədə valideyni məlumatlandırmalıdır.