Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başa çatsa da müzakirələr bitmək bilmir.
Xəbər verdiyimiz kimi, 20-24 iyun tarixləri arasında ölkənin 13 müxtəlif şəhəri üzrə 23 imtahan mərkəzində təşkil olunmuş prosesə ümumilikdə 28000-dən çox müəllim cəlb edilib.
20-23 iyun tarixlərində 20000-ə yaxın ibtidai sinif, 24 iyun tarixində 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikasiya imtahanları verib.
Təhsil İnstitutunun İnsan resursları mərkəzindən bildirilib ki, sertifikatlaşdırma imtahanlarının ikinci – müsahibə mərhələsi avqustun axırı - sentyabrın əvvəlini əhatə edəcək.
Həmin mərhələdə 40 mümkün baldan minimum 20 bal toplayan müəllimlər sertifikatlaşdırma prosesindən keçmiş sayılacaqlar.
Bəs prosesdən keçən müəllimlərin sertifikatı nə vaxt veriləcək və həmin sənəd özündə nəyi əks etdirəcək?
AzEdu.az-ın sualına Təhsil İnstitutundan cavab verilib.
Bildirilib ki, sentyabrın sonunda Sertifikatlaşdırma Şurasının təqdim etdiyi sertifikatlaşdırmanın nəticələri barədə məlumat əsasında sertifikatlaşdırmadan keçən və keçməyən təhsilverənlərin siyahısı hazırlanacaq. Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanacaq həmin siyahı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Regional Təhsil idarələrinə və təhsil müəssisələrinə göndərilcək.
Daha sonra sertifikatlaşdırmadan keçmiş müəllimlərə müvafiq formaya uyğun sertifikat veriləcək.
TehsilMedia.az saytı müəllimlərə veriləcək sertifikatın şəklini təqdim edir: