“Sertifikatlaşma müəllimin peşə yararlılığını və peşəkarlıq səviyyəsini müəyyən edən prosedurdur. Sertifikasiya qaydalarının yumşaldılması prosedurun sosial xarakterə yönəldilməsidir ki, bu da yolverilməzdir, amma biz onu edirik”.
TehsilMedia.az-ın azedu.az-a istinadən məlumatına görə, bunu təhsil eksperti Elşən Qafarov sertifikasiya tələblərinin yumşaldılmasına etiraz olaraq bildirib.
O deyib ki, müəllimin peşə yararalılığını yoxlayırıqsa, onda test imtahanlarında pedaqoji, psixoloji, metodiki suallar ən azı 60 sualın yarısını təşkil etməli idi, amma cəmi 20 belə sual nəzərdə tutulmuşdu:
“Yəni biz test mərhələsində müəllimin peşə yararlılığını umumi sualların cəmi 16-17%-lə yoxlayırıq. Qoyulmuş sualların cəmi 16-17%-i ilə peşə yararlılığını yoxlamaq mümkünsə...
Müsahibə mərhələsini lazımı səviyyədə qura bilmədiyimizə görə, onun nəticələrini də əmək haqqının artımı zamanı hesablamırıq. Əgər nəticəni hesablamayacaqdıqsa, müsahibə mərhələsini niyə keçiririk və ya müəllimi buradan toplaya biləcəyi maksimal 40 baldan niyə mərhum edirik, müəllimin haqqına niyə giririk?”.
E.Qafarov deyib ki, yaşı 60-dan yuxarı olan müəllimlərin sertifikasiyada iştirakının könüllü edilməsi kökündən yanlış idi.
“Yaşı 60-dan yuxarı olan müəllimlərin sertifikasiyada iştirakının könüllü edilməsi Əmək Məcəlləsinin 16-ci maddəsinin 1-ci hissəsinin tələblərinə ziddir. Əmək münasibətlərində ayrı-seçkiliyə, o cümlədən yaşa görə ayrı-seçkiliyə yol verilmir.
Eyni zamanda, son 3 ildə işə qəbul olunanların sertifikasiyadan azad edilməsi qaydası da yanlışdır. Sadəcə, keçid müddəa kimi qəbul etmək olardı ki, 2020-ci ildən bu yana işə qəbul olunanlar 5 il müddətində sertifikatlaşmadan azaddır. Çünki MİQ imtahanlarında dəyişilik (məntiqin çıxarılması) 2020-ci ildə edilmişdi”.
Ekspert deyir ki, Azərbaycan sertifikasiya təcrübəsini Ukraynadan götürüb, orada keçid balı 60% qoyulmuşdu, amma bu yanlış təcrübədir:
“Müəllimlərin peşəkarlığının yoxlanması modelinin ən yaxşı nümunəsi keçmiş MDB məkanında Qazaxıstan modeli, bizim kimi inkişaf etmıkdə olan ölkələrdə isə Sinqapur modeli idi. Biz bunların heç birini götürmədik. Təhsil sənədlərinin açıq satıldığı (bizim 20 il öncəki vəziyyətimiz) Ukrayna modelini götürdük və müəllimlərin 1/3-ni sertifikasiyadan keçirməmiş prosesi yamaq-yamaq elədik”.
E.Qafarov sertifikasiyadan keçənlərin əmək haqqı artımındakı ədalətsiz yanaşmadan da danışıb. Onun sözlərinə görə, 60 ballıq sistem deyil, 100 ballıq sistem tətbiq olunmalı idi:
“Əmək haqqı artımı ilə bağlı onu deyə bilərəm ki, ən uyğun variant aşağıdakı kimi olmalı idi:
Keçid balı 50% qoyulmalı 0-49 bal toplayanlara minimum dərs yükü (həftəlik 6 saat) ilə bir ildə ikinci şans verilməli idi.
51-100 bal toplayanlar isə üç kateqoriyaya bölünməli idi:
- 51-75 bal toplayanlar - C kateqoriya - 25 % əmək haqqı artırımalı;
- 76-90 bal toplayanlar B kateqoriya - əmək haqqı 50% artırılmalı;
- 91-100 bal toplayanlar - A kateqoriya - əmək haqqı 100% qaldırılmalı idi.
B və C kateqoriyalılar üçün hər il könüllü sertifikasiya təşkil olunmalı onlara kateqoriyalarını artırmaq şansı yaradılmalı idi.
Sertifikasiyanın müddətini 5 ildən 3 ilə endirmək ən doğru variant olardı".