“Bu gün Elm və Təhsil Nazirliyi ADA Universitetində müəllimlərin sertifikatlaşdırılmasının nəticəsi haqqında tədbir keçirdi. Statistika və araşdırma bir daha onu göstərir ki, müəllimlərin sertifikatlaşdırılması prosesində iştirakları yalnız təhsilin keyfiyyətinin artırılmasına hesablanır”.
TehsilMedia.az-ın azedu.az-a istinadən məlumatına görə, bunu Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib.
O deyib ki, tədbirdə nazir Emin Əmrullayevin səsləndirdiyi əsas fikirlərdən biri həm vətəndaş, həm də bir ictimai proseslərdə fəal iştirak edən insan kimi onu da çox düşündürüb:
“Biz zamanında saxta diplom alan insanlara qarşı ictimai qınaq etməmişik. Ümumiyyətlə, bizim 90-larda buraxdığımız səhvlər təəssüflə deyim ki, hələ də məktəblərdədir. Bəli, saxta diplom alan, saxta elmi dərəcə alan bu ünvanı daşımaqdan utanmır, amma biz bunu deməkdən çəkinirik.
2027-ci ilə qədər davam edəcək sertifikasiya prosesinə ümidlərim var və çox əminəm ki, gələcək hədəf müəllimlik peşəsinin ən rəqabətli peşə olmasını və uşaqlarımız üçün yalnız yüksək keyfiyyətli müəllimlərin dərs keçəcəyi sistemi formalaşdırmaqdır”.