Lənkəran-Astara Regional Təhsil İdarəsi sosial şəbəkələrdə Masallı şəhər İ.Əsgərli adına 3 nömrəli tam orta məktəbdə azyaşlı şagirdin həmyaşıdı tərəfindən zorakılığa məruz qalmasına dair yayılmış videogörüntü ilə bağlı açıqlama yayıb.
İdarədən "TehsilMedia.az"a bildirilib ki, döyüldüyü iddia edilən Bayramov Sənan həmin məktəbin 6-cı sinfində təhsil alır.
Qeyd edilib ki, araşdırma zamanı S.Bayramovun 19.04.2023-cü il tarixdə tənəffüs zamanı sinif yoldaşı ilə dalaşdığı məlum olub:
"Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə müvafiq söhbət aparmışdır. Aparılan söhbət zamanı hər iki şagird səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildirmişdir. Məktəb rəhbərliyi həmin şagirdlər arasında əvvəllər heç bir mübahisənin baş vermədiyini bildirmişdir.
Qeyd edək ki, S.Bayramovun döyülməsi ilə bağlı valideynləri tərəfindən məktəb rəhbərliyinə müraciət daxil olmamışdır.
Əlavə olaraq qeyd edirik ki, şagirdlər arasında baş vermiş bu kimi halların hissi qərarlarla sosial şəbəkələrdə paylaşılması sonrakı yaş dövrlərində şagirdlərin psixoloji əhvali-ruhiyyəsinə mənfi təsir edir.
Valideynlərdən bu məqamı nəzərə almalarını xahiş edirik".