Məlum olduğu kimi, müəllimlərin sertifikasiya imtahanı keçirilib. Doğrudur, pedaqoqların böyük əksəriyyəti imtahandan uğurlu nəticə ilə ayrılsalar da, bəziləri bu sınaqdan üzüağ çıxa bilməyib. Belə olan halda sertifikasiyadan keçə bilməyən müəllimlərin gələcək aqibəti maraq doğurur. Görəsən, bu müəllimlər gələn il MİQ imtahanlarında iştirak edə biləcəkmi? Yaxud onların vəzifələrinə xitam verilməsi mümkündürmü?
Təhsil eksperti
Elşən Qafarov TehsilMedia.az-a açıqlamasında bildirib ki, nazirlər Kabinetinin 155 nömrəli qərarı ilə sertifikasiyadan keçə bilməyən və üzrlü səbəbdən imthanda iştirak etməyən müəllimlər üçün il ərzində yenidən imtahan təşkil olunur: "Həmin imtahandan da keçə bilməsələr və yaxud iştirak etməsələr, bu zaman onlarla bağlanmış müqaviləyə və qaydalara əsasən vəzifələrinə xitam verilə bilər".
Ekspert həmçinin qeyd edib ki, imtahanın məqsədi müəllimlərin bilik və bacarıqlarını müəyyən etməkdir: "Bütün müəllimlərin bilik və bacarıqları eyni səviyyədə deyil. Sertifikasiyadan keçə bilməyən müəllimlər də bunun sübutudur. Sertifikasiyadan keçə bilməyən müəllimlər təkmilləşdirmə kurslarının köməyi ilə daha yaxşı nəticələr göstərə bilərlər".
Ülkər Abdurahmanlı