Bildiyimiz kimi şagirdlərin günlərinin çox hissəsi məktəbdə keçir. Bu zaman onlar məktəbin bufetindəki qidalardan istifadə edirlər. Bəs bu qidalar nə dərəcədə sağlamlığa ziyandır? Ümumiyyətlə, şagirdlər necə qidalanmalıdır?
Bu barədə Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi
Məhsəti Hüseynova TehsilMedia.az-a açıqlama verib. O bildirib ki, insan orqanizmi 25 yaşına qədər inkişaf prosesindədir və məktəbdə təhsil aldığı dövr daha sürətli inkişaf dövrü hesab olunur. Buna görə şagirdlər gün ərzində 70-ə qədər makro və mikro elementləri qəbul etməlidir. Bu elementləri də sağlam qidalanaraq keyfiyyətli qidalardan istifadə etməklə qəbullanmaq mümkündür. Buna görə də məktəblilərin səhər yeməyini qəbul etməsi vacib amillərdən biridir. Bəzən şagirdlər səhər tez oyandığı və həmin saatda iştahı olmadığı üçün qida qəbul etmirlər. Sonra günorta saatlarında həmin şagirdlər mənşəyi bəlli olmayan qidalar və qazlı içkilər qəbul edirlər. Bu, şagirdin orqanizmi üçün olduqca təhlükəlidir. Yaxşı olar ki, şagirdlər evdə hazırlanmış sandviçlər yesinlər və yanında da maye olaraq su qəbul etsinlər. Bu qidaların yanında çərəzlərdən istifadə olunması həm inkişaf baxımından, həm də daha aktiv və enerjili olmaq baxımından önəmlidir. Və gündə ən azı 2 mövsümi meyvə qəbul etmək lazımdır".
Ekspertin sözlərinə görə, ötən il AQTA-nın 174 məktəbdə monitoqinq aparması nəticəsində məlum oldu ki, yalnız 2 məktəbdə qaydalara uyğun yeməklər hazırlanır: "Bu hal vəziyyətin xoşagələn olmadığını göstərir. Ona görə də, valideynlər evdə hazırlanmış qidalardan övladları üçün qoya bilərlər. Burada əsas məqamlardan biri də qidanı saxlamaq üçün qabların olmasıdır. Polietilen torbalardan istifadə edilməsi birmənalı şəkildə yolverilməzdir. Çünki bu torbanın tərkibində olan kimyəvi maddənin xərçəng yaratma riski yüksəkdir. Qidaların daşınması üçün şüşə qablardan istifadə olunması daha çox tövsiyə olunur. Yaxşı olar ki, valideynlər bu kimi nüansları diqqətdə saxlasınlar".
Ülkər Abdurahmanlı