“Yeni tədris ilində işğaldan azad olunmuş ərazilərdə 6 ümumi təhsil müəssisəsində 780 şagird təhsil alacaq, 94 müəllim isə dərs keçəcək”.
TehsilMedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev dünən baş tutan brifinqdə işğaldan azad olunmuş ərazilərdə təhsil infrastrukturunun yaradılması ilə bağlı məlumatları təqdim edərkən bildirib. Nazir qeyd edib ki, Zəngilan rayon Ağalı kənd tam orta məktəbi - 11 sinif, 120 şagird, 15 müəllimlə növbəti tədris ilində tədrisini davam etdirəcək:
“Tərtər rayon Talış kənd tam orta məktəbində 7 sinif, 19 şagird, 8 müəllim mövcuddur. Həmin məktəbin artıq ötən ildən tədrisi bərba olunub.
Füzuli şəhər 1 nömrəli tam orta məktəbin açılışı olub. 11 sinif, 104 şagird, 15 müəllim ilə tədris aparılacaq. Qeyd edək ki, sözügedən məktəb Özbəkistan hökumətinin bizə olan hədiyyəsidir.
Laçın şəhər 2 nömrəli tam orta məktəbin açılışı həyata keçib. Hazırda qeydiyyatda olan 11 sinif 137 şagird, 16 müəllim var.
Laçın rayonu Zabux kənd tam orta məktəbi 11 sinif, 51 şagird, 15 müəllim heyəti ilə tam hazırdır.
Şuşa şəhər 1 nömrəli tam orta məktəbi də tam hazırdır. 12 sinif 349 şagird, 25 müəllim vardır. Açılış cari tədris ili ərzində nəzərdə tutulub”.
Nazir onu da qeyd edib ki, əhali köçürüldükcə həmin məktəblərin şagird sayı da artacaqdır.