Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 9-da Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən "
TehsilMedia.az"a bildirilib ki, imtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 3 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 5 imtahan rəhbəri, 42 nəzarətçi-müəllim və 5 buraxılış rejimi əməkdaşı ayrılıb.
Sentyabrın 11-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahanın nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.