Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra işğaldan azad olunmuş ərazilərimiz yenidən canlanır. Hazırda həmin ərazilərdə tikinti-quruculuq işləri geniş vüsət alıb.
Azadlığına qovuşmuş tarixi torpaqlarımızda bütün sahələrdə olduğu kimi, təhsil müəssisələrinin tikintisi istiqamətində də genişmiqyaslı işlər həyata keçirilir.
TehsilMedia.az AZƏRTAC-a istinadən, azad olunmuş ərazilərdə fəaliyyət göstərən, layihəsinə və tikintisinə başlanan məktəblərə bir daha nəzər salır.
Fəaliyyət göstərən məktəblər:
Zəngilan rayon Ağalı kənd tam orta məktəbi - 11 sinif, 120 şagird, 15 müəllim (Zəngilan rayon Ağalı kənd uşaq bağçası - 1 qrup);
Tərtər rayon Talış kənd tam orta məktəbi - 7 sinif, 19 şagird, 8 müəllim (Talış kənd uşaq bağçası - 1 qrup);
Füzuli şəhər 1 nömrəli tam orta məktəbi -11 sinif, 104 şagird, 15 müəllim;
Laçın şəhər 2 nömrəli tam orta məktəbi - 11 sinif, 137 şagird, 16 müəllim;
Laçın rayonu Zabux kənd tam orta məktəbi - 11 sinif, 51 şagird, 15 müəllim;
Şuşa şəhər 1 nömrəli tam orta məktəbi - 12 sinif 349 şagird, 25 müəllim (açılışının tədris ilinin ikinci yarısında olacağı gözlənilir).
Layihələndirilən və tikintisinə başlanan məktəblər:
Ağdam şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikinti işlərinə başlanılıb;
Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin və 960 şagird yerlik Yuxarı Mərcanlı kənd məktəbinin təməli qoyulub;
Füzuli şəhərində 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanır, 700 yerlik peşə liseyinin layihələndirilməsi və tikintisi ilə bağlı işlərə başlanılması nəzərdə tutulur;
Tərtər rayonu Suqovuşan qəsəbə 144 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanıb.