Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
TehsilMedia.az xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Şəmkir rayonu Kimya-biologiya təmayüllü Respublika Liseyində, Aran Regional Mərkəzi tərəfindən Göyçay Peşə Liseyində və Ağdaş rayonu Aralbir kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Quba rayonu Alpan kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şəki rayon 1 və 2 nömrəli Baş Göynük kənd tam orta məktəblərində, Muğan Regional Mərkəzi tərəfindən Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi şəhər 8 nömrəli tam orta məktəbində və Cənub Regional Mərkəzi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialında maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.