Oktyabrın 31-də Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın 10-11-ci sinif şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.
[left][/left]
TehsilMedia.az xəbər verir ki, ekskursiya ADNSU-nun Mineralogiya Muzeyindən başlayıb. Şagirdlər muzeyi ziyarət edib, burada qorunub saxlanılan müxtəlif növ minerallarla tanış olublar. Muzeyin direktoru, dosent Ağamehdi Ağayev şagirdlərə mineralların adı, kimyəvi tərkibi və tapıldığı yataqlar haqqında ətraflı məlumat verib.
Sonra şagirdlər Tarix muzeyini ziyarət edib və universitetə aid tarixi eksponatlarla tanış olublar. ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev məktəbliləri salamlayaraq universitetin tarixi, müxtəlif tarixi dövrlərdəki fəaliyyəti, fəxri məzunları, tədris olunan ixtisaslar və s. barədə onlara ətraflı məlumat verib.
Ekskursiya zamanı Heydər Əliyev lektoriyası ilə tanış olan şagirdlər Ümummilli Liderin zəngin irsi haqqında bilgilər alıblar.
Şagirdlər daha sonra universitetin laboratoriyalarında olublar, ADNSU-nun şəhid məzunlarının xatirəsinə həsr olunmuş Abidə kopmleksini ziyarət ediblər.